BALIĞIN NAĞILI Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi: - Niyə bu balıqları suya atırsan? Uşaq cavab verdi - Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam balıqlar öləcək. Kişi qışqırdı: - Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək. Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi: - Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək. Sonra balaca balığı dənizə atdı. BİZ HƏR GÜN DÜNYANI XİLAS EDƏ BİLƏRİK. ÇÜNKİ HƏR GÜN BİR İNSANI XİLAS EDƏ BİLƏRİK. HƏR İNSAN DA BİR DÜNYADIR. ***** BALU və SUTA Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir : - Suta, iki üstəgəl bir neçə edir? Suta cavab verir: - Üç. Balu gülüb deyir: - Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir. Suta deyir: - Yox, üç edir. Balu deyir: - Beş. - Yox, üç. - Yox! Beş. Nə isə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-birlərini yerdə sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir - sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma. Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir: - Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız. Müəllim cavab verir: - Balu, ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən yüz faiz əmin olduğun bir şeyə görə mübahisə etdin. İndi de görüm hansınız daha Axmaqsınız? ***** GÖYDƏN ÜÇ ALMA DÜŞMƏDİ Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır. ***** CÜCƏNİN NAĞILI Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? İçindəki səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ? İçindəki səs yenə deyir: “HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”. Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə elə bilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı... ***** FİLİN NAĞILI Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur: - Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım. Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir: - Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.